Orta əsrlərə aid edilən bu memarlıq abidəsi Gəncə şəhərinin təqribən 7 kilometrliyində, qədim Gəncənin xarabalıqları yaxınlığındadır. Kərpicdən tikilmiş imam türbəsinin ətrafında məscid, sərdabə, digər türbələr, karvansaraya oxşar evlər və yardımçı tikililərdən, həmçinin XVIII-XIX əsr bədii daşyonma sənəti ustalarının – xəttat-həkkak, nəqqaş-şairlərin əsərlərini, dünyagörüşlərini əks etdirən məzarüstü abidələri özündə qoruyub saxlamış böyük qəbiristandan ibarət dini kompleks yaradılmış, ətrafında isə daş və kərpicdən hasar çəkilmişdir. Kompleksin ən qiymətli abidəsi olan düzbucaqlı plana malik İmamzadə türbəsi rəngarəng kaşılı, kərpic örtüklü günbəzlə tamamlanır. Günbəz silindrvari kürsülüyə oturdulmuşdur. Türbəyə cənub-şərq fasadından başqa, qalan digər tərəflərdən binalar ilhaq edilmişdir. Bütün bu tikililərə əsasən demək olar ki, İmamzadə binası ayrı-ayrı vaxtlarda yenidən qurulmuş, bərpa və təmir edilmişdir.
Türbənin birinci mərtəbəsində, iç divarına hörülmüş kiçik mərmər lövhədə ərəbcə yazılmış kitabənin məzmunu belədir: «O, Allah əbədidir. Bu, imam Məhəmməd Bağırın – ona salam olsun – oğlu mövlana İbrahimin müqəddəs məkanı (yerləşmiş) şərəfli (cənnət) bağıdır. Öz babasının köçməsindən 120 il sonra vəfat etmişdir – Allahın ona salavatı olsun. Və ona görə də, bu yüksək məqamlı yerin bərpa olunması tiflisli general-mayor İsrafil bəy Yadigarzadə hicri 1296 (1878-79)-cı ildə əmr etmişdir».
Kitabədə adı çəkilən general-mayor İsrafil bəy Yadigarzadə rus ordusunun 2-ci atlı – müsəlman polkunun komandiri olmuşdur. İsrafil bəy, İmamzadə kompleksində öz hesabına 1878-ci ildə təmir və bərpa işləri aparmışdır. O, Rusiyada təhsil almasına, rus ordusu sıralarında yüksək rütbəli hərbi vəzifədə işləməsinə baxmayaraq İslam əqidəsinə, ata-babalarımızın adət-ənənəsinə sadiq qalan, mədəni irsimizə sonsuz dərəcədə hörmət və etimad göstərən azərbaycanlı ziyalardan biri olmuşdur.
İmamzadə kompleksində İsrafil bəy Yadigarzadənin yaxın qohumları dəfn edilmişdir. Onların sırasında rus ordusunun hərbi zabitlərindən, əsli tiflisli olan Calal bəy və oğlu İsmayıl bəy Vəzirzadələri göstərmək olar.
Azərbaycan ərazisindəki digər imamzadələrdə olduğu kimi, Gəncə İmamzadəsində də imam övladı İbrahimin dəfn olunma tarixini göstərən ilkin kitabə yoxdur.
Türbə yaxınlığında XIX əsrdə Gəncədə yaşayıb-yaratmış tanınmış təbib, şair, nəqqaş-xəttat Mirzə Mehdi də dəfn olunmuşdur. İmamzadə kompleksində onun sağlığında özü üçün düzəltdiyi və başqalarına yazdığı başdaşılara rast gəlmək mümkündür. İmamzadə kompleksində Mirzə Mehdidən başqa, digər bir xəttatın – Şeyx Zamanın da işləri qalmışdır. Bunlardan biri axund mövlana Hüseynin abidəsidir. Başdaşının haşiyəsində 14 məsuma Allahın salat və salamından sonra xəttat haqqında kiçik bir qeyd var: «Həkkak, günahkar bəndə Zaman ibn Məhəmməd Əli». |
|
|
|
|